Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi açılıb

26 fevral 2021 | 16:00

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şəki Heydər Əliyev Mərkəzində sərgi açılıb. Sərgidə Xocalı faciəsinin günahsız qurbanlarının, xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların, qocaların fotoşəkilləri, həmçinin faciənin dəhşətlərindən bəhs edən Azərbaycan, ingilis və rus dillərində yazılmış kitablar nümayiş etdirilir.
Mərkəzin direktoru Rəşadət Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sərginin təşkilində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, xatırlamaq, faciənin mahiyyətini, dəhşətli nəticələrini gənc nəslə çatdırmaq, anlatmaqdır.
Sərgi fevralın 28-dək davam edəcək.
Mərkəzin direktoru vurğulayıb ki, doğma yurd-yuvalarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri uzun illərdir ki, Qarabağ münaqişəsinin ədalətli həllini gözləyir, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırdılar. Nəhayət ötən ilin sonlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazandı, haqq-ədalət öz yerini tapdı və işğal altında olan torpaqlarımız qəhrəman Vətən oğullarının şücaəti sayəsində düşməndən azad edildi.

Keçidlər