“Əbədi yaşayanlar – Şəki şəhidləri” kitabının təqdimatı olub
Martın 17-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəki rayon şöbəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfiqə Sadıqovanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Əbədi yaşayanlar – Şəki şəhidləri” kitabının təqdimatı olub.
Təqdimat mərasimində şanlı zəfərlə başa çatan Vətən müharibəsində canlarından keçən şəkili şəhidlərin ailə üzvləri, Şəki Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Şəki rayon şöbəsinin rəsmiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yazılan “Əbədi yaşayanlar – Şəki şəhidləri” kitabı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” sözləri ilə başlayır.
Kitabda Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Şəkinin 56 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş dostlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb.
Təqdimat mərasimində iştirak edən şəhid valideynləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibələrində qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan övladları, əzizləri barədə yazılan bu kitabın onlar üçün bir təsəlli olduğunu vurğulayıb, kitabın müəllifinə, nəşrinə kömək edən qurumlara minnətdarlıqlarını bildiriblər.
Rayonun Babaratma kəndindən olan şəhid Ramin Məmmədovun atası Aydın Məmmədov deyib: “Bir ata kimi oğlum Ramindən həmişə razı qalmışam. Oğlum Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 15-də həmin döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə Prezidentimizin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Oğlum torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Mən bundan qürur hissi keçirirəm. Vətən sağ olsun!”.
Şəhid Asif Əhmədovun anası Mahirə xanım deyib: “Xalqımız öz qəhrəman övladlarını yaxından tanımalı, heç zaman unutmamalıdır. Torpaqlarımız məhz belə oğulların qanı, canı bahasına düşməndən azad edilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.
Rayonun İnçə-Zunud kəndindən olan şəhid Elmir Umudlunun babası Nəriman müəllim də nəvəsi ilə fəxr etdiyini bildirib: “Nəvəm Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən Xocavənd rayonunda gedən döyüşlərə qatılıb və oktyabrın 28-də şəhidlik zirvəsinə yüksəlib. Nəvəm uşaqlıqdan hamıdan bir addım öndə gedərdi. Daim tələsirdi, tez böyümək, bütün arzularına tez çatmaq istəyirdi. Sanki bilirdi şəhid olacağını. İstəyirdi ki, bütün istəklərini o qısa ömürə yerləşdirsin”.
Mərasimdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, hər zaman ehtiramla yad ediləcəyini bildirib.