Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib

27 mart 2021 | 16:00

Son günlər bütün ölkədə olduğu kimi Şəki rayonunda da “COVID-19”a yoluxanların sayında artım müşahidə olunur.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, Şəki Şəhər İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargah tərəfindən rayonda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərin gücləndirilməsi barədə qərar qəbul edilib, xəstəliyin yayılmasına imkan yaradan şərait təhlil edilərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi Şəki regional bölməsinin, Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşları və yaradılmış mobil qrupların üzvləri əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda, ictimai-iaşə obyektlərində, otel və istirahət mərkəzlərində reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən qaydalara riayət etmələri tələb olunur, pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur.
Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsinin məcburiliyi izah olunur.
Eyni zamanda, pandemiya ilə əlaqədar rayonda dezinfeksiya işləri də aparılır. Mənzil İstismar Sahəsi tərəfindən xəstəlik aşkar olunan ərazilərdə yerləşən yaşayış binalarının giriş hissələri və pilləkən qəfəsələri xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən dezinfeksiya edilir.
Hazırda fəslin dəyişməsi ilə əlaqədar olaraq təbii ölüm hallarının da artmasını nəzərə alaraq, vəfat edən şəxslərin ailə üzvləri ilə profilktiki söhbətlər aparılır, yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıqlar edilir və hüzr yerləri nəzarətdə saxlanılır.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin “COVID-19” infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam etdirilir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.
Pandemiya ilə bağlı vəziyyətin dəyişməsinin bir sıra səbəbləri var. Əsas səbəblər yumşalmalardan sonra vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, gigiyena qaydalarına yetərincə riayət olunmaması və sosial məsafənin saxlanılmamasıdır. Bu faktorlar əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə və xəstəliyin sürətlə yayılmasına gətirib çıxara bilər. Vəziyyətin yenidən stabilləşməsi üçün hər kəs xüsusi karantin rejiminin qaydalarına əməl etməli, dövlətin sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsi istiqamətində ardıcıl tədbirlərinə dəstək verməlidir.

Keçidlər