Nazir İnam Kərimov Şəkidə yeni salınmış intensiv fındıq bağlarına baxış keçirib, regional laboratoriyaların fəaliyyəti ilə tanış olub
Azərbaycanda ixrac potensialı yüksək olan meyvə bağlarının sahəsinin genişləndirilməsi məqsədilə yeni intensiv bağların salınmasına dövlət dəstəyi genişləndirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə Azərbaycanda 6 növ meyvə bitkisi üzrə salınmış yeni intensiv bağlara görə birdəfəlik əkin subsidiyası veriləcək.
Qərara əsasən, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur. Subsidiya veriləcək fındıq bağları 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınmalı, hər hektarda ən azı 330 ting əkilməli, bağ damla suvarma sistemi ilə təchiz olunmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərar ölkədə fındıqçılıın inkişafına öz töhfəsini verməkdədir. Artıq Şəki və Qax rayonlarında yeni fındıq bağlarının salınmasına başlanıb. Kənd təsərrüfatı naziri İnam Kərimov Şəkinin Bideyiz kəndində yeni intensiv fındıq bağının salınması işləri ilə tanış olub. Fındıq bağının salındığı 320 hektar ərazi daşlardan təmizlənib, müvafiq aqrotexniki hazırlıq işləri görülüb, bağ tam şəkildə damla suvarma sistemi ilə təchiz edilib.
Daha sonra nazir Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında görülən işlərlə maraqlanıb, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına baxış keçirib.
Nazir İnam Kərimov Şəkidə, həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Bu laboratoriyalarda son model avadanlıqlar quraşdırılıb. Bölgələrdə bu cür müasir laboratoriyaların qurulması fermerlərə göstərilən aqrar məsləhət xidmətlərinin daha da təkmilləşdirilməsinə kömək edəcək.