Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunun təsərrüfatlarında tütün əkininə başlanılıb

26 aprel 2021 | 16:00

Şəki rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Cari mövsümdə rayonda 1210 hektarda tütün əkilməsi proqnozlaşdırılır. İlk günlər rayonun Suçma, Cumakənd, Şorsu, Baş Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda 30 hektaradək sahəyə tütün şitilləri köçürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 400 hektarda “Virciniya botaniki” növlü, 810 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 58 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.

Keçidlər