Şəkidə “Dəmir yumruq “sənədli filminin təqdimatı olub
Aprelin 27-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “ Dəmir yumruq “sənədli filminin təqdimatı keçirilib. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən təqdimatda ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.
Filmin nümayişindən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, ötən il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı şanlı Qələbə ilə başa çatdı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. Bu Qələbə Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində əldə olundu. Müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür.
Vurğulanıb ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında uğrunda Ordumuz tərəfindən keçirilən əks-hücum əməliyyatı zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələri döyüşlərdə cəzarətlə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişdir.
Sonra “Dəmir yumruq “sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, azsaylı xalqların Vətən Müharibəsində göstərdikləri birlik nümunəsinə həsr olunan film Real TV-nin imkanları vasitəsilə lentə alınıb. Filmdə ölkəmizin cənub, şimal və şimal-qərb rayonlarında yaşayan, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərin qəhrəmanlığından bəhs edilmiş, onların ailə üzvlərinin, qazilərin fikirləri, xatirələri yer almışdır. Bu film gənclər arasında hərbi vətənpərvərliyin təbliği baxımından çox əhəmiyyətlidir.