Bu gün faşizm üzərində Qələbədən 76 il ötür
Bu gün - mayın 9-da Faşizm üzərində Qələbənin 76 ili tamam olur. Danılmaz faktdır ki, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər.
Müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirib. Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Azərbaycan xalqı ordunun ərzaq, geyim, hərbi ləvazimat, sursat və digər zəruri məhsullarla təchizatında xüsusi fəallıq nümayiş etdirib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz Ulu Öndərin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May – Qələbə Günü qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür.
Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.
Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
İkinci Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edirik, onlara Uca Allahdan rəhmət diləyir, qazilərimizə uzun ömür və cansağlığı arzu edirik.