Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Unudulmaz şəxsiyyət” adlı onlayn tədbir keçirilib
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Şəhər Gənclər və İdman idarəsinin və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Unudulmaz şəxsiyyət” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Şəhər Gənclər və İdman idarəsinin, Şəki şəhər Təhsil Şöbəsinin, Şəki Regional Kollecin əməkdaşları, orta-ixtisas və orta məktəblərin direktor və müəllimləri, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov açaraq tədbirin məqsədi barədə məlumat verdi və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışdı.
Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov çıxış edərək Ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə danışdı. O, Heydər Əliyevin gəncləri hər zaman diqqətdə saxladığını, onun rəhbərliyi ilə gənclərin inkişafı üçün proqramlar hazırlandığını qeyd etdi və gənclərə Ümummilli liderin həyat və fəaliyyətinin dərindən öyrənilməsini tövsiyə etdi.
Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev Heydər Əliyevin təhsil siyasəti barədə ətraflı məlumat verdi, təhsilə qayğısından, tələbələrə daim dəstək olmasından, gənclərin mütəxəssis kimi yetişməsində müstəsna xidmətlərindən danışdı.
Şəki Regional Kollecinin direktor müavini Rafiq Səmədov çıxış edərək, Heydər Əliyevin Azərbaycançılıq ideologiyası barədə danışdı. R.Səmədov qeyd etdi ki, əgər Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri çıxış edərək, onlara dəstək olan hər kəsə minnətdarlıqlarını bildirdilər.