Şəkinin Şin kəndində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 11-də Şin kəndinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında həmin kəndin sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri iştirak etmişlər.
Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Kənd sakinləri İsgəndər Əzimov, Novruz İsmayılov, Mövlud Osmanov, Əmrah Cabbarov, Mərcan İsmayılova, Hənifə Məmmədova və digərləri Şin kəndinə yeni içməli su xəttinin çəkilişinin başa çatdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, uşaq bağçasının əsaslı təmir olunması, tibb məntəqəsi üçün yeni bina tikilməsi, kəndə təbii qazın verilməsi, kombayn çatışmazlığının aradan qaldırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan məsələlərin aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.