Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yaş barama istehsalının 50 tona çatdırılması qarşıya hədəf qoyulub

19 may 2021 | 16:00

Builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 17 tonadək artırılaraq, 50 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 325 kümçü ilə müqavilə bağlanılıb və onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri Şəkinin Aşağı Göynük kəndində kümçülərlə görüşüb, ipəkqurdunun yemlənməsi prosesi ilə maraqlanıb.
Kəndin ərazi icra nümayəndəsi Əfqan Əliyevin bildirdiyinə görə, ötən il kənddə 14 kümçü ailəsi 1600 qram ipəkqurdunun bəslənməsi ilə məşğul olub, 2900 kiloqram yaş barama istehsal edilib. Ötən il kümçü ailələrinin baramaçılıqdan gəlirləri 26 min manat olub. Bu il baramaçılıqla 12 ailə məşğuldur. Onlara 44 qutu, yəni 836 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə kənddə 1760 kiloqram yaş barama istehsal ediləcəyi gözlənilir.
Kənd sakini Yusif Hümmətov 5 ildir ki, baramaçılıqla məşğuldur. Ötən il ailə 120 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 304 kiloqram yaş barama istehsal edib. Ailənin baramaçılıqdan gəliri 2,7 min manatdan çox olub. Hümmətovlar ailəsi bu il 60 qram ipəkqurdu yemləyəcək. Kümçünün sözlərinə görə, cari mövsümdə 150 kiloqramadək yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar. Hazırda ipəkqurdu dördüncü yuxu mərhələsindədir. Məhsul istehsalına mayın axırlarında başlanılacaq.

Keçidlər