Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dağ piyada gəzinti marşrutu işarələnib

21 may 2021 | 16:00

Şəki sakinlərinin və şəhərin qonaqlarının təbiətdə hərəkətini və istirahətini asanlaşdırmaq məqsədilə Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İnformasiya Mərkəzi (Destinasiya Menecmenti Təşkilatı) tərəfindən gəzinti marşrutlarının işarələnməsi işlərinə başlanılıb. Şəhərin mərkəzindən başlayaraq təpəliklərə doğru uzanan piyada cığırlarının işarələnməsi artıq başa çatıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Turizm İnformasiya Mərkəzinin direktoru Səbinə Yadullayeva məlumat verib.

Qurum rəsmisi bildirib ki, marşrutun başlanğıcı olaraq “Yuxarı Karvansaray” kompleksinin qarşısında yerləşən köhnə tağlı körpü müəyyənləşdirilib, son nöqtə isə “Güllütəpə” adlanan təpəlik ərazidir. Bu istiqamət, eyni zamanda, tarixi karvan və su yolu olduğundan, sakinlər tərəfindən tanınan yoldur. Başlanğıcdan son nöqtəyə kimi uzunluğu 4 kilometr olan bu marşrutun qət olunma müddəti 2 saat 40 dəqiqədir və asan piyada yürüş kateqoriyasına aiddir. Sonuncu təpəyə aparan marşrutu yarıda qoyub bir neçə yerdən şəhərə çıxış mümkündür.

Səbinə Yadullayevanın sözlərinə görə, Azərbaycan Turizm Bürosu ilə xüsusi standartlar əsasında hazırlanmış işarələr istiqaməti, zibil toplama, istirahət və su məntəqələrini göstərən yönləndirici və xəbərdaredici nişanlardan ibarətdir. Bundan əlavə, yolu izləmək üçün mümkün yerlərdə daşlar və ağaclar rənglərlə işarələnib.

Artıq Şəkinin qonaqları və sakinlər bələdçiyə ehtiyac olmadan şəhərə yaxın təbiət ərazisində piknik və piyada gəzintisi təşkil edə bilərlər.

Keçidlər