Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl biçininə 136 ədəd kombayn cəlb ediləcək

31 may 2021 | 16:00

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 66 min 104 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Biçin kampaniyasına hazırlıqla əlaqədar Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.
Şəki taxılçıları bu məsul kampaniyaya çox ciddi hazırlaşırlar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunur, kombayn və digər texnikalar saz vəziyyətə gətirilir. Ümumilikdə, biçin kampaniyasına 136 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 90 ədədi son illərdə alınan təzə, qalanları isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır. Ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan əlavə kombaynlar da gətiriləcək. Biçin kampaniyasına, eyni zamanda, 96 ədəd küləşpresləyən aqreqat, 257 ədəd şum traktoru, 360-dək yük maşını, traktor və qoşqu, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.
Təsərrüfatlarda taxıl biçininə iyunun əvvəllərində başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 66 min 48 hektar taxıl sahəsindən 199 min 915 ton məhsul yığıblar. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner təşkil edib.

Keçidlər