Azərbaycan Respublikasının baş prokuroru Şəkidə şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iyulun 12-də Şəki Rayon Prokurorluğunun binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, əlaqədar rayonların prokurorlarının iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 100-dən artıq vətəndaşın prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər, eləcə də sosial problemlər, təsərrüfat, əmlak və mülki xarakterli mübahisələrlə bağlı müraciətləri dinlənilmişdir.
Baş prokuror Zakir Qaralov qəbula gəlmiş vətəndaşların müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun şəkildə kömək göstəriləcəyini bildirmişdir. Müraciətlərin bəziləri yerindəcə həllini tapmış, digər məsələlərin həlli ilə bağlı Baş Prokurorluğun əlaqədar struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.