Şəki rayonunun təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir
Şəki rayonunun təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir. Bu günədək rayonda 960 hektar sahədə tütün əkilib.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə rayonda 1210 hektarda tütün əkilməsi proqnozlaşdırılır. Şəkili fermerlər cari mövsümdə 400 hektarda “Virciniya botaniki” növlü, 810 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 58 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb. Fermerlər indiyədək 325 hektar sahəyə “Virciniya botaniki”, 635 hektara isə digər növ tütün şitilləri köçürüblər.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.
Hazırda rayonun ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi də davam etdirilir. Barama istehsal etmək üçün şəkili kümçülərə 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Builki mövsümdə rayonda yaş barama istehsalının 50 tona çatdırılması qarşıya hədəf qoyulub. Yaxın günlərdə istehsalçılardan yaş barama tədarükünə başlanılacaq.