Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü leysan Şəkinin yaşayış məntəqələrinə ciddi ziyan vurub

07 iyun 2021 | 16:00

İyunun 6-da axşam saatlarında Şəki rayonu ərazisində baş vermiş təbii fəlakət - külək və dolu ilə müşayiət olunan güclü leysan rayon ərazisindən axan dağ çaylarında daşqına səbəb olub, bəzi yaşayış məntəqələrinə sel gəlib, nəticədə vətəndaşların şəxsi təsərrüfatlarına, yollara, elektrik və təbii qaz xətlərinə ciddi ziyan dəyib.
Təbii fəlakət nəticəsində rayonun 13 yaşayış məntəqəsinin elektrik enerjisi və 2 yaşayış məntəqəsinin təbii qazla təchizatında fasilə yaranıb, 4 yaşayış məntəqəsində 5 ədəd keçid körpüsü yararsız vəziyyətə düşüb. Bundan əlavə, Baş Göynük və Baş Şabalıd kəndlərini birləşdirən, 11 min nəfər əhaliyə xidmət göstərən körpünü su aparıb, 100-dən çox vətəndaşa məxsus ev və yardımçı binaların üst örtüyü zədələnib, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Təbii fəlakət nəticəsində Kiş kəndinin ərazisindəki Qurcana çayını keçərkən kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədov Şamil Azər oğlu seldə boğulub.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qazla təchizatının bərpası və digər istiqamətlərdə işlər aparılır. Dəymiş zərərlərin dəqiqləşdirilməsi üçün araşdırmalar davam edir.

Keçidlər