17 iyun - Tibb işçilərinin peşə bayramı günüdür
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər.
Şəki şəhərində fəaliyyət göstərən tibb işçilərinin fədakar əməyini də qeyd etmək lazımdır. Onlar insanların sağlamlığının qorunması istiqamətində əzmlə və səylə çalışırlar.
Tibb işçilərinin peşə bayramı günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Şəkidə fəaliyyət göstərən bir qrup tibb işçisi Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
İyunun 17-də Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova tibb işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, təltif olunan tibb işçilərinə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etmişdir.
Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.