Şəki şəhərində Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd olunub
İyunun 23-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilib.
COVID-19 pandemiyası səbəbli tədbirdə şəhər icra hakimiyyətinin aparatında və nümayəndəliklərdə çalışan bir qrup dövlət qulluqçusu iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, ötən ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunması olub. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. Bu Qələbə Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində əldə olundu. Bu gün atrıq Qarabağda uğurla bərpa prosesi aparılır. Bu işdə də biz dövlət başçısının ətrafında sıx birləşib dəsək olmalıyıq. Sonra o qeyd etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir. Dövlət qulluqçuları vətəndaşla dövlətin bilavasitə təmasını təmin edən zümrədir.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 23-nün dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edildiyini bildirən icra başçısı bayram münasibətilə dövlət qulluqçularını təbrik etdi, onlara uğurlar arzuladı.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik Yalçın Sadıqlı Vətən Müharibəsi dövründə Şəkidə səfərbərliklə bağlı görülən işlərdən danışdı, bu sahədə şəhər rəhbərliyinin, aparatın işçilərinin və kənd icra namayəndələrinin böyük rolunun olduğunu qeyd etdi və hər kəsə təşəkkür etdi.
Tədbirdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı, səfərbərlik dövründə xidmətlərinə görə bir qrup dövlət qulluqçusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı təqdim olunub.
Tədbirdə çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Qüdrət Babayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı adından şəhər icra hakimiyyətinin aparatında çalışan bütün dövlət qulluqçularına qiymətli hədiyyələr təqdim olunub.