Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub.

26 iyun 2021 | 16:00

İyunun 26-da 44 günlük Vətən Müharibəsində şəhid olmuş Şəki rayonundan olan hərbi qulluqçuların təltiflərinin onların ailə üzvlərinə təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
    Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, SHXÇDX-nın  Şəki rayon şöbəsinin əməkdaşları və şəhid ailələrinin üzvləri iştirak edib. Tədbirə Milli Məclisin deputatı Vüqar İskəndərov da qatılıb.
   Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bütün hərbi qulluqçuları, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. O bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Bunun nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə dövlət qayğısından danışan icra başçısı Şəkidə də bu kateqoriyadan olan insanlara  diqqət və qayğı ilə yanaşıldığını bildirib.
    Sonra qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
     Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş Şəki rayonundan olan hərbi qulluqçuların orden və medalları onların ailə üzvlərinə təqdim olunub.
   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov hərbi qulluqçularımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək bildirib ki, qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq.  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bütün dünyaya güclü olduğunu nümayiş etdirdi.  Xalqımız milli həmrəylik göstərdi, Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək əsgər və zabitlərimizə dəstək oldu.

   Sonra tədbirdə Vətən Müharibəsinə həsr olunmuş qısa film nümayiş olunub.
  Sonda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Şəki rayon şöbəsinin rəisi, polkovnik Yalçın Sadıqlı Vətən Müharibəsi dövründə Şəkidə səfərbərlik işinin yüksək səviyyədə təşkil olunduğunu bildirib, bu işdə onlara dəstək olan qurumların rəhbərlərinə və əməkdaşlarına  təşəkkür edib.
    Qeyd edək ki, bu gün Şəki rayonundan olan bir qrup Vətən müharibəsi iştirakçısına da orden və medallar təqdim olunub.

Keçidlər