Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları altı mərkəzdə aparılıb
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 1-də Şəki şəhərində keçirdiyi əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, həmçinin apreldə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8, 11, 12 və 17 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1225 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 121 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 101 otaq ayrılıb. Məktəblərdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul və buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.