“Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla başa çatıb
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərəfindən “ABAD” publik hüquqi şəxs ilə birgə icra edilən “Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Aİ nümayəndəliyinin Azərbaycandakı rəhbəri, səfir Kastutis Yankauskas, BMT İP-nin rezident nümayəndəsi Alessandro Frakassetti, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətindən söz açıblar. Bildirilib ki, 2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin olunub. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarət kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.
Balakən regional “ABAD” mərkəzi vasitəsilə reallaşan layihə 350 nəfəri əhatə edib. Onlardan 200-ü birbaşa olaraq bu dəstəkdən faydalanıb. 44 ailə təsərrüfatından 22-si qadınlar tərəfindən idarə olunur. Təsərrüfatların 12-si məcburi köçkünlər tərəfindən yaradılıb. Yeni bizneslər qida istehsalçılarından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə ABAD etnobutiklərində və ölkəmizin bəzi supermarket şəbəkələrində satış üçün təqdim olunacaq.