Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə I ixtisas qrupu üzrə qəbul imtahanları 5 mərkəzdə aparılıb

27 iyul 2021 | 16:00

Dövlət İmtahan Mərkəzinin iyulun 27-də Şəki rayonunda keçirdiyi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 5 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8, 12 və 17 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1109 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 117 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 91 zal ayrılıb. Bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər