Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə YAP rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir

18 iyul 2013 | 15:00

18 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Şəki şəhərində partiyanın şəhər  təşkilatının fəalları ilə görüş keçirmişdir.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı və şəhər rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
     “Büllur saray”da keçirilən tədbiri giriş sözü ilə  YAP Şəki  təşkilatının sədri Həsən Həsənov açmışdır. O, təşkilatın Şəkinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışmışdır. Bildirilmişdir ki, hazırda təşkilat öz sıralarında 10279 partiya üzvünü birləşdirir. Onların 34,4 faizini gənclər, 48,8 faizini isə qadınlar təşkil edir.
     Bu ilin payızında keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışan H.Həsənov demişdir ki, YAP Şəki  təşkilatı öz fəaliyyətini  nizamnamə tələbləri və seçki məcəlləsi əsasında qurmaqla dünyada ən sivil seçki təcrübəsinə malik dövlətlərin təcrübasindən istifadə edəcək və möhtərəm Prezidentimiz İlham Əliyevin parlaq qələbəsi naminə bütün partiya üzvlərini səfərbər edəcəkdir.
    YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov görüşdə çıxış edərək Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə keçdiyi böyük inkişaf yolundan danışmışdır. Bu inkişafı konkret faktlarla şərh edən natiq hazırda Azərbaycanın Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik olduğunu, ötən on ildə 1,2 milyon yeni iş yerinin açıldığını, yoxsulluğun təqribən 6 faizə endiyini, çadır düşərgələrinin ləğv edildiyini, insanların həyat səviyyəsinin dəfələrlə yüksəldiyini diqqətə çatdırmışdır. İcra katibi qarşıdakı prezident seçkilərində insanların Azərbaycanda sabitliyin, dinamik inkişafın təminatçısı olan dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini vurğulamışdır.
     Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı, YAP Şəki təşkilatının İdarə Heyətinin üzvü Elxan Usubov,  YAP Şəki təşkilatının Qadınlar Şurasının sədri Zərinə Cavadova və Prezident təqaüdçüsü, partiya veteranı Baba Səmədov çıxış edərək şəkililərin növbəti Prezident seçkilərində yüksək fəallıq göstərəcəyini və dövlətimizin başçısı İlham Əliyevə yekdilliklə səs verəcəklərini diqqətə çatdırmışlar.
    Sonda təşkilatın sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya biletləri təqdim edilmişdir.

Keçidlər