Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili fermerlər indiyədək 2931 ton quru tütün istehsal ediblər

21 avqust 2021 | 16:00

Bu il Şəki rayonunun təsərrüfatlarında 1241 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 383 hektar sahədə “Virciniya botaniki”, 858 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133 hektar artıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2931 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda tütünçülüklə 350-dək fermer məşğul olur. Bu təsərrüfatlarda 1200 nəfərdən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 172 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3 min 815 ton quru tütün əldə ediblər.

Keçidlər