Cəyirli kəndində inşa edilmiş 432 şagird yerlik yeni məktəb binasının açılışı olub
Yeni dərs ilinin ilk günündə Şəki rayonunun ucqar yaşayış məntəqələrindən olan Cəyirli kənd tam orta məktəbinin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 22-də kənd məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 432 şagird yerlik yeni bina qapılarını şagird və müəllimlərin üzünə açıb.
Bu münasibətlə keçirilən mərasimdə Heydər Əliyev Fondunun, Şəki Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Mməktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, kənd məktəbi indiyədək 1990-cı ildə tikilmiş 16 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəlmiş və yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondu tərəfindən kənd məktəbi üçün 432 şagird yerlik yeni binanın tikintisinə 2020-ci ilin fevralında başlanılıb və bu ilin avqustunda başa çatıb.
Məktəbin ümumi ərazisi 3 hektardır. İkimərtəbəli, dörd korpusdan ibarət yeni məktəb binasında 20 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi təlim, tibb, informatika, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, akt zalı, yeməkxana, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb. Məktəbin ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib. Bina zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Yeni tədris ilində məktəbdə 362 şagird təhsil alacaq. Onlardan 32 nəfəri bu il birinci sinfə qədəm qoyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 41 müəllim məşğul olacaq.