Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

27 sentyabr 2021 | 16:00

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
     Şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Vətən Müharibəsi iştirakçıları və qaziləri səhər saatlarında Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu öndərin abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər.
    Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin akt zalında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım günü ilə əlaqədar xalqa müraciətini dinləyiblər.
    Sonra tələbə və musiqi məktəbinin şagirləri Anım Gününə həsr olunmuş kompozisiya nümayiş etdiriblər.
    Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksini ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub,  şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
    Anım tədbiri Şəhidlərin Xatirə Kompleksində davam edib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov, Millət vəkilləri Vüqar İsgəndərov və Əli Məsimli, SHXÇDX-nın Şəki şəhər şöbəsinin rəisi, polkovnik Vüqar Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov, şəhid İbrahim Məmmədovun atası Nakam Məmmədov, Vətən Müharibəsi qazisi Qaçay Abdullayev, şəhid Məmmədiyə Cabbarzadənin anası Zöhrə Cabbarzadə çıxış ediblər.
   Çıxışlarda bildirib ki,  2020-ci il dekabr 2-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabr ayının 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
  Qeyd olunub ki, 44 günlik Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi qələbə əldə etdi. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə biz şəhidlər vermişik. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək deməkdir. Şəhidlər bizim həm kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, örnəyimizdir. 
    Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
     Qeyd edək ki, Anım Günü ilə əlaqədar Şəki şəhərində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub, həmçinin Şəki Mərkəzi Cümə məscidində din xadimlərinin iştirakı ilə namaz qılınıb, şəhidlərin ruhuna dualar oxunub.

Keçidlər