Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Xan Sarayı yaponiyalı qonaqlarda böyük maraq doğurub

07 oktyabr 2021 | 16:00

Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi Şəki rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdəndir. Son illər rayonda bu sahəyə investisiyaların cəlb edilməsi və təşviqi istiqamətində davamlı iş aparılır. Şəki Şəhər İcra Hakimiyyəti bir neçə ildir ki, əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Yaponiyanın qabaqcıl şirkətlərindən sayılan “Tet İnternational Development” şirkəti ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq, hazırda Şəki rayonunda Yaponiya şirkətinin sərmayəsi ilə yaradılan “Shaki Tobacco” MMC-nin tütünqurutma məntəqəsi fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərmayə qoyduqları müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Azərbaycana səfər edən Yaponiyanın “Tet İnternational Development” şirkətinin 35-dək sərmayədarı oktyabrın 7-də Şəki rayonunda olub, şəhərin görməli yerlərini gəzib, tarixi məkanlara baş çəkib, şirkətin müəssisəsi olan “Shaki Tobacco” MMC-nin tütünqurutma məntəqəsinin fəaliyyəti ilə maraqlanıblar.

Yaponiyalı sərmayədarlar əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Yaponiyalı qonaqların diqqətinə çatdırılıb ki, 2019-cu ilin iyulunda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.

Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biridir. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.

Sonra yaponiyalı sərmayədarlar “Shaki Tobacco” MMC-nin tütünqurutma məntəqəsində olub, emal prosesini izləyiblər. Məlumat verilib ki, emal məntəqəsi hər birinin tutumu 6 ton yaş tütün olan 20 tütünqurutma kamerasından, həmçinin ofis binası, anbar, konteyner tipli yeməkxana, nasosxana, su anbarı və tütünün çeşidlənməsi üçün üstü örtülü tikilidən ibarətdir. Emal məntəqəsində 49 nəfər işçi çalışır.

Yaponiyalı sərmayədarlar, həmçinin Şəkidə tütün istehsalı və emalı sahəsində yaradılacaq növbəti məntəqənin layihəsi ilə də tanış olublar.

Keçidlər