Şriftin ölçüsü :

Saytın rəngi :

İlin ötən altı ayı Şəkidə genişmiqyaslı tikinti və abadlıq işləri ilə yadda qalmışdır

23 iyul 2013 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər Şəki şəhər icra hakimiyyəti başçısı yanında şuranın iclasında geniş müzakirə olunmuşdur.
    Şəki  şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2013-cü ilin birinci yarısında rayonda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Məlumat verilmişdir ki, hesabat dövründə rayonda, ilkin hesablamalara görə, faktiki qiymətlərlə 174 milyon 305 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal və qeyri-istehsal sahələrinin inkişafına 46 milyon 283 min manat həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 81,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 138 milyon 152 min manata çatmışdır. İlin birinci yarısında rayonda 694 daimi iş yeri açılmışdır.
    Məruzəçi bildirmişdir ki, iyunun 28-də başlanan və bir həftə davam edən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisə olmuşdur. Mədəni irsin qorunub saxlanmasına və türk xalqlarının yaxınlaşmasına xidmət edən bu festival Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyət daşımışdır.
    Məruzədə qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarısında rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, 1019 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hazırda rayonda 2072 ailə ünvanlı dövlət sosial yardımı alır. İlin ilk altı ayında rayon Məşğulluq Mərkəzinə 233 nəfər işaxtaran vətəndaş müraciət etmiş, 70 nəfər işə düzəldilmişdir. Mayda keçirilən sonuncu “əmək yarmarkası”nda isə 48 nəfər işə göndəriş almışdır.
    İlin birinci yarısında rayonda kənd təsərrüfatı məhsulun artırılmasının diqqət mərkəzində saxlanıldığını qeyd edən məruzəçi taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün həyata keçirilən tədbirlərdən söz açmışdır. Məlum olmuşdur ki, 81 min 51 hektar payızlıq taxıl sahələrinin 79 faizi biçilmiş, 157 min ton buğda və arpa yığılmışdır. Hər hektardan orta məhsuldarlıq 25,2 sentner təşkil etmişdir.
Məruzədə ilin ötən altı ayında rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən ətraflı bəhs edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulan Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Uzunluğu 34 kilometr olan yolun 30 kilometrlik hissəsinə artıq asfalt örtüyü çəkilmişdir. XVIII əsrə aid tarix-memarlıq abidəsi olan “Şəkixanovların evi”nin əsaslı təmiri, habelə qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün inşa edilən 24 mənzilli yaşayış evinin tikintisi də tamamlanmaq üzrədir. İlin birinci yarısında dövlət vəsaiti hesabına Aşağı Layısqı kəndində 360, Əlyar kəndində 80 şagird yerlik məktəb binaları, habelə zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 12 və 14 nömrəli şəhər məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmiş, iki məktəb binası əsaslı təmir olunmuşdur. Hazırda təhsil şöbəsinin yeni inzibati binasının, şəhər və kəndlərdə yeni məktəb binalarının tikintisi davam etdirilir. Hesabat dövründə Şəki doğum evi kompleksi əsaslı təmirdən sonra istifadəyə verilmiş, Aşağı Göynük və Baş Göynük kənd xəstəxanaları üçün inşa edilən yeni binaların tikintisi başa çatmışdır.
    Şura yığıncağında, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərdən də bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər