Şəkidə indiyədək 2700 hektaradək sahədə payızlıq səpin aparılıb
Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 2630 hektarı dən üçün arpa, 60 hektarı buğda olmaqla, 2690 hektar sahəyə toxum səpiblər. Eyni zamanda, bu günədək rayonda 216 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, rayonda növbəti ilin məhsulu üçün 66 min 100 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 36 min 350 hektarına buğda, 29 min 750 hektarına isə arpa səpiləcək. Bu məqsədlə indiyədək təsərrüfatlarda 47 min 800 hektar sahədə şum qaldırılıb və bu iş davam etdirilir. Səpin üçün 13,3 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər toxum ehtiyatı yaradılıb. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Ümumilikdə, səpin kampaniyasına 282 ədəd şum traktoru, 65 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.