Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Regional Vəkil Bürosu istifadəyə verilib

27 noyabr 2021 | 16:00

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamında vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardıma tələbatını və əlçatanlığını təmin etmək məqsədilə Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində regional vəkil qurumlarının yaradılması barədə tapşırıq verilib.

Sərəncamın icrası ilə bağlı Sumqayıt, Gəncə, Şirvan və Şəki regional vəkil büroları üçün qeyri-yaşayış sahələri verilib, Lənkəran şəhərində isə müvafiq binanın tikintisi üçün torpaq sahəsi ayrılıb.

Hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri aparılır, digər şəhərlərdə ayrılmış binalar isə tam istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 26-da Vəkillər Kollegiyasının regional qurumunun – Şəki Regional Vəkil Bürosunun inzibati binasının açılış mərasimi olub. Mövcud karantin qaydalarına riayət olunmaqla keçirilən mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifov, Şəki rayon Prokuroru Mehman Xankişiyev və digər şəxslər iştirak ediblər.

Büronun açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 139 A ünvanda yerləşən Şəki Regional Vəkil Bürosunun hazırkı qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 sentyabr tarixli Sərəncamı ilə əvəzsiz olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının istifadəsinə verilib. Bildirilib ki, əvvəllər Şəki Rayon Vəkil Bürosunun binası olmadığından vəkillər özlərinin icarəyə götürdükləri ayrı-ayrı binalarda fəaliyyət göstərirdilər. Sərəncama əsasən ayrılan qeyri-yaşayış sahəsi Kollegiyanın Rəyasət Heyəti tərəfindən vətəndaşlara yüksəkkeyfiyyətli hüquqi yardımın göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir tələblərə uyğun olaraq yüksək keyfiyyətdə təmir edilib, lazımi mebel və avadanlıqlarla təchiz olunub, ətrafında abadlıq işləri görülüb.

Diqqətə çatdırılıb ki, hazırda Şəki Regional Vəkil Bürosu regional əhəmiyyət daşımaqla Şəki Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan14 rayonda yerləşən 10 vəkil bürosunda fəaliyyət göstərən 47 vəkil və 19 fərdi vəkil (ümumilikdə 66 vəkil) üzrə əlaqələndirici funksiya daşıyır.

Sonra Büronun müdiri Xəyal İbrahimov görülmüş işlər barədə məlumat verib.

Açılış mərasimindən sonra Vəkillər Kollegiyasının rəhbərliyi və Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazilərdə fəaliyyət göstərən vəkillər ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəki Məhkəmə Kompleksinin inzibati binasında Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid bir neçə rayon və şəhərdə fəaliyyət göstərən vəkillərin iştirakı ilə geniş regional müşavirə keçirilib.

28 dekabr - “Vəkil günü” peşə bayramı ərəfəsinə təsadüf edən müşavirədə ölkəmizin müasir məhkəmə hüquq-sisteminin banisi ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan vəkilliyinə göstərilən diqqət və qayğı, vəkilliyin inkişafı ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr, məhkəmə və hüquq-mühafizə orqanları ilə qarşılıqlı münasibətlər və digər məsələlərlə bağlı fikirlər bildirilib, perspektivlər ətrafında müzakirələr aparılıb.

Müşavirəni Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq, Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verdiyini söyləyib. Sədr Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələr, hakimlər, prosesin digər iştirakçıları və vəkillər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması sahəsində görülən işlər və gələcəkdə bu sahədə planlaşdırılan ciddi tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Anar Bağırov çıxışında, həmçinin son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklər, elektron məhkəmə sisteminə keçidlə bağlı görülən işlər, eyni zamanda, vəkilliyin rəqəmsallaşması barədə məsələlərə toxunub, bu sahədə görülən və görüləcək işlər barədə danışıb.

Müşavirədə Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev çıxış edərək, son vaxtlar məhkəmələrdə görülən işlər, ədalət mühakiməsində vəkillərin rolu, vəkil və hakim münasibətləri barədə məlumat verib.

Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifov çıxışında regionlarda yerləşən ədliyyə orqanlarında görülən işlər, aparılan islahatlar və bu sahədə vəkillərin rolu barədə danışıb.

Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov vəkillərin etik davranış qaydaları, onların peşə hazırlığının artırılması və dövlət hesabına hüquqi yardımla bağlı təqdimatla çıxış edib. Təqdimatda vəkillərin fəaliyyətlərində yol verdikləri nöqsanlar və bunların qarşısının alınması, vəkillərin davamlı tədrisi, bu tədrisin elektron qaydada aparılması, dövlət hesabına hüquqi yardımla bağlı görülmüş işlər, o cümlədən bu sahədə işlərdə müasir İKT-nin tətbiqi, cari və növbəti il üçün mərkəzləşdirilmiş uçot və proqnozlaşdırma barədə ətraflı məlumat verib.

Müşavirənin sonunda vəkilləri maraqlandıran suallar cavablandırılıb, ötən müddətdə fəaliyyətlərində fərqlənmiş vəkillərə müvafiq təltiflər təqdim olunub.

Keçidlər