Şəkidə quru tütün istehsalı 300 tondan çox artıb
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı başa çatıb. Cari ildə rayonda 4 min 153 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 313 ton artıb. Qurudulmuş tütünün 2 min 792 tonu bu günədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə satılıb və hazırda proses davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 1241 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri bu il 383 hektar sahədə “Virciniya botaniki”, 858 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133 hektar artıb.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3 min 815 ton quru tütün əldə ediblər.