Şəkidə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür yolundan bəhs edən filmin təqdimatı olub
Fevralın 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında böyük xidmətləri olan, Fransa Milli Müqavimət hərəkatının fəal üzvlərindən biri, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında çəkilmiş “O, Xarqo idi” filminin təqdimatı olub.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, filmin yaradıcı heyəti, əfsanəvi partizanın ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və filmin yaradıcı heyəti əvvəlcə Ulu Öndərin mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Filmin nümayişindən əvvəl diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” studiyasının istehsalı olan “O, Xarqo idi” ekran əsəri Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinə həsr olunub.
Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Sonra əfsanəvi partizanın oğlu Cavanşir Cəbrayılov çıxış edərək, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan insanlara ailəsi adından minnətdarlığını bildirib.
Qeyd edək ki, filmin ssenari müəllifləri Şahin Sinaria, rejissoru Tahir Tahiroviç, operatoru Rafiq Əliyev, prodüseri Nazim Hüseynov, baş rolun ifaçısı aktyor İqbal Əliyevdir.