Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəkidə xocalılı məcburi köçkünlərin iştirakı ilə tədbir keçirilib
Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən otuz il ötür. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar fevralın 25-də Şəki şəhərində keçirilən anım tədbirində səsləndirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Şəki rayonunda məskunlaşan Xocalı sakinləri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə mərkəzdə təşkil olunmuş erməni vəhşiliyini və Xocalıda törədilmiş soyqırımını əks etdirən “Xocalı həqiqətləri” adlı foto və kitab sərgisi ilə tanış olublar.
Sonra Xocalı faciəsi zamanı şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini icra edən Tərlan Nəsibov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki, 30-cu ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğu dünya ictimaiyyətinə məlum olsa da, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, valideynlərini, qardaş-bacılarını, yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz.
Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan Tərlan Nəsibov hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Şəki Şəhər İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov çıxışında Xocalı qətliamının insanlığa qarşı yönəlmiş amansız cinayət olduğunu bildirib, faciənin dəhşətli nəticələrini konkret faktlarla diqqətə çatdırıb. Faciənin ildönümü ilə əlaqədar Şəkidə keçirilən silsilə tədbirlər barədə məlumat verən şöbə müdirinin müavini şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardımın ayrıldığını bildirib.
Tədbirdə şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov, Şəki Heydər Əliyev Mərkəzinin elmi işçisi Pərvanə Rəhimova çıxış ediblər.
Sonda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə iştirak edən Xocalı sakin Ruslan Cəfərov deyib: “Mənim o zaman 7 yaşım var idi. Fevralın 25-dən 26-na keçən gecə bizim ailə də digər ailələr kimi, doğma şəhərimizi tərk etmək məcburiyyətində qaldıq. Şaxtalı gecədə hərə bir tərəfə qaçırdı. Mən valideynlərimdən uzaq düşməməyə çalışırdım. Səhər gördük ki, babam Müseyib bizimlə deyil. Sonradan məlum oldu ki, babam düşmən gülləsinə tuş gəlib və qanaxmadan həlak olub. Bu xəbər hamımızı sarsıtdı. O gündən 30 il keçib... Sevinirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad etdi. Biz səbirsizliklə doğma el-obamıza qayıdacağı günü gözləyirik”.
Şəkidə məskunlaşan Xocalı sakini Teyyub Məmmədov isə o amansız gecədə atasını itirib. Həmin vaxt onun cəmi iki yaşı olub. Heç nəyi xatırlamır. Yalnız sonralar ailəsindən ermənilərin Xocalının dinc sakinlərinin başına gətirdikləri qanlı hadisələri öyrənib. Vətən müharibəsində qazandığımız tarixi Qələbə digər xocalılar kimi, Teyyubun da sevincinə səbəb olub. O da tezliklə doğma torpaqlara qayıdacaqlarına əmindir.