ADPU-nin Şəki filialı elm və təhsilin inkişafında böyük xidmətlər göstərib
Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 30 illik yubileyinə həsr edilmiş təntənəli bayram tədbiri keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ADPU-nun rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatı Əli Məsimli, elm adamları, ziyalılar, filialın əməkdaşları, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyi və tədbirə dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Mərkəzin foyesində ADPU-nun Şəki filialının 30 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Yubiley tədbirinin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun Şəki filialının fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, gözəl təbiəti, tarix və mədəniyyəti abidələri ilə tanınan Şəkinin həm də, Azərbaycanın qədim sənət, elm və təhsil mərkəzlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, son illər Şəkidə iqtisadiyyatın bir çox sahələrinin inkişafına nail olunub, yeni infrastruktur layihələri icra edilib, abadlıq-quruculuq işləri həyata keçirilib. Bu illər şəhərin mədəni həyatında baş verən mühüm hadisələrlə də zəngin olub. Belə ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu ildə Azərbaycanın, eləcə də Şəki şəhərinin həyatında çox əlamətdar hadisə baş verib - “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına əlavə olunub.
Diqqətə çatdırılıb ki, qədim tarixi olan Şəkidə elmə, təhsilə həmişə böyük maraq olub. Bu şəhər Azərbaycan təhsilinin, elminin, pedaqoji fikir tarixinin formalaşmasında yaxından iştirak edib. XIX əsrin 30-cu illərində Zaqafqaziyada ilk qəza məktəblərindən biri məhz Şəkidə fəaliyyətə başlayıb. Bildirilib ki, Şəki, həmçinin Azərbaycan və dünya elminə, ədəbiyyatına, təhsilinə böyük töhfələr vermiş görkəmli insanların vətənidir. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Əbdüləzəl Dəmirçizadə, Bəxtiyar Vahabzadə və başqaları Şəki torpağının yetirmələridirlər.
Qeyd edilib ki, ölkənin, cəmiyyətin inkişafı bu və ya digər dərəcədə elm və təhsilin inkişafı ilə bağlıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranması xalqımızın milli fikir və mədəniyyətinin formalaşmasında, inkişaf etməsində mühüm rol oynayıb. Yubileyi qeyd olunan ADPU-nun Şəki filialı Şəki-Zaqatala iqtisadi zonasında elm və təhsilin inkişafında böyük xidmətlər göstərib, etimada layiq elmi-struktur kimi özünü təsdiqləyə bilib. Ötən dövr ərzində filialda ayrı-ayrı ixtisaslar üzrə 5 mindən çox yüksəkixtisaslı pedaqoji kadr hazırlanıb. Onlar ölkəmizin müxtəlif elm, təhsil müəssisələrində, mühüm dövlət qurumlarında fəaliyyət göstərir, dövlətçiliyimizin möhkəmləndirilməsi, təhsilimizin inkişafı naminə səylə çalışırlar.
Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova və universitetin Şəki filialının direktoru Rafiq Rəsulova xatirə hədiyyələri təqdim edib.
ADPU Şəki filialının bir qrup əməkdaşı şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə fəxri fərmanla təltif olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov çıxış edərək, filialın əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, 2021-ci ildə ölkəmizdə pedaqoji kadrlar hazırlayan ilk ali təhsil müəssisəsinin – Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100, bu təhsil ocağının Şəki, Şamaxı və Quba filiallarının isə 30 ili tamam olub. Bütöv bir əsr ərzində böyük inkişaf yolu keçmiş, bu gün ölkəmizdə ali pedaqoji təhsilin bayraqdarı hesab edilən universitet pedaqoji elmin beşiyi rolunu oynayıb, digər elmlərin, xüsusilə də dilçilik və riyaziyyatın inkişafında müstəsna xidmətlər göstərib. 100 il ərzində ADPU 160 mindən çox ixtisaslı müəllim kadrları yetişdirib, görkəmli alimlər ərsəyə gətirib, fəaliyyəti ərzində, həm də elmi mərkəz kimi formalaşaraq inkişaf edib. Burada yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi təhsil alıb.
Qeyd olunub ki, hazırda universitet pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. ADPU-da hər il 4 mindən çox məzun öz təhsilini başa vurur. Ölkənin 5 rayonunda universitetin filialları, Bakıda 4 tədris korpusu, 1 kolleci və 1 baza məktəbi fəaliyyət göstərir.
Tədbirdə ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rəsulov çıxış edərək, filialın 30 illik fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, 30 yaşlı bu təhsil ocağının tarixində 2015-ci ildən sonra xüsusi mərhələ başlayıb. Prezident İlham Əliyevin 2015-ci il 26 noyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibinə daxil olub, filialları isə ADPU-nun filialları hesab edilib. Regionda mövcud olan bir filialın 100 yaşlı qocaman ali təhsil müəssisəsinin tabeliyində fəaliyyət göstərməsi bu elm ocağının qazandığı zəngin təcrübədən bəhrələnmək üçün geniş imkanlar açıb.
Diqqətə çatdırılıb ki, 30 il ərzində filialda 5 mindən çox ali təhsilli pedaqoji kadr hazırlanıb, 6 mindən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilib. Hazırda filialda 2 fakültədə 9 ixtisas üzrə 900-dən çox tələbə təhsil alır. Filialın 86 əməkdaşından 3 nəfəri elmlər doktoru, 15 nəfər isə fəlsəfə doktorudur.