Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkililər baharın gəlişini böyük coşqu ilə qeyd ediblər

21 mart 2022 | 16:00

Şəkidə xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı şənlikləri bir neçə gündür davam edir. Şəkililər bu qədim el bayramını böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin qədim tarixi hissəsi – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, Novruz şənliyinə toplaşan şəhər sakinləri və qonaqlarda yüksək bayram əhvali-ruhiyyəsi hiss olunurdu.

Bayram tədbiri XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində bayram tonqalının alovlandırılması ilə başlanıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş edib, pəhləvanlar öz məharətlərini göstəriblər.

Şəhər rəhbərliyi, şənlik iştirakçıları və qonaqlar qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbədin həyətində və Xan Sarayının qarşısındakı meydanda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivlərinin, zurnaçalanlar ansamblının maraqlı konsert proqramına tamaşa edib, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar. Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar.

Şəkidə Novruz bayramı şənlikləri davam edir.

Keçidlər