Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 3-də Şəki şəhərində keçirdiyi əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, həmçinin martda keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8, 12, 14, 17, 20 nömrəli və Qoxmuq kənd tam orta məktəblərində təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl məsafədən ölçə bilən elektron termometrlə binaya daxil olan iştirakçıların hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1263 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 124 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 103 zal ayrılıb. Məktəblərdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov bildirib ki, bütün imtahan mərkəzlərində qəbul və buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.