Şriftin ölçüsü :

Saytın rəngi :

Fikrət Məmmədov: Belə müəssisələrin ərsəyə gəlməsi Azərbaycanda vətəndaş duyğularına verilən əhəmiyyətin təzahürüdür

30 iyul 2013 | 15:00

     Bu gün biz Şəkidə ən müasir tələblərə cavab verən yeni penitensiar müəssisənin açılışında iştirak etdik. Belə müəssisələrin ərsəyə gəlməsi Azərbaycanda vətəndaş duyğularına verilən əhəmiyyətin təzahürüdür. Prezident İlham Əliyev, həqiqətən də, hər bir vətəndaşın duyğularının təmin olunması üçün bütün tədbirləri görür.
    Bu fikirləri Şəki Penitensiar Müəssisəsinin açılışında iştirak edən ədliyyə naziri Fikrət Məmmədov jurnalistlərə müsahibəsində bildirmişdir.
    Azərbaycanda bu cür müasir penitensiar müəssisələrdə istintaq təcridxanasının 2009-cu ildə açıldığını nəzərə çarpdıran ədliyyə naziri, Prezident İlham Əliyevin şəxsən həmin təcridxanaya baş çəkdiyini, orada yaradılmış şəraitlə yaxından tanış olduğunu, tapşırıq və tövsiyələrini verdiyini diqqətə çatdırmışdır. Nazir demişdir: “Bu gün Azərbaycanda məhkumların sosial reabilitasiyasının təmin olunmasına dair qəbul olunmuş qanunun icrası ilə əlaqədar Bakıda cəmləşmiş cəzaçəkmə müəssisələrinin əvəzinə bölgələrdə yeni müəssisələr inşa edilir. Bu, imkan verəcəkdir ki, məhkumlar öz ailələrinə yaxın ərazidə cəzalarını çəksinlər, əlaqələrini mütəmadi qura bilsinlər, gələcəkdə azadlığa buraxılanda onların öz ailələrinə, cəmiyyətə qovuşma prosesi daha da asanlaşsın”.
    Təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması ilə bağlı bu yaxınlarda mühüm bir qanunun qəbul edildiyini xatırladan ədliyyə naziri, bu qanunun Azərbaycan üçün müstəsna əhəmiyyətə malik olduğunu, həmin sənəddə təqsirləndirilən şəxslərin də geniş hüquqlarının təsbit edildiyini diqqətə çatdırmışdır.
   Nazir Fikrət Məmmədov demişdir: “Bununla əlaqədar olaraq yeni tikilən müəssisəni yeni hüquqların təminatı baxımından uyğunlaşdırmaq məqsədilə burada zəruri yenidənqurma işləri aparılmışdır. Güman edirəm ki, bu müəssisənin fəaliyyətə başlaması məhkumların, təqsirləndirilən şəxslərin Avropa standartlarına uyğun şəraitdə yaşamaları, eyni zamanda, onların əməyə cəlb edilmələri, asudə vaxtlarının yüksək səviyyədə təşkili və nəticə etibarilə onların tərbiyə olunmasında müstəsna əhəmiyyətə malikdir”.

Keçidlər