Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş "Onun müqəddəs arzuları" filmi nümayiş olunub

24 aprel 2022 | 16:00

Aprelin 23-də Şəki Dövlət Dram Teatrında I və Il Qarabağ Müharibəsinin iştirakçısı olmuş, şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan “Onun müqəddəs arzuları” filmi nümayiş olunub.

Filmin nümayişi ilə əlaqədar keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, müharibə veteranları, qazilər və şəhid Müşviq Abbasovun ailə üzvləri  iştirak ediblər.
Tədbirin əvvəlində dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "URFANSOYFİLM" studiyası tərəfindən çəkilmiş “Onun müdəddəs arzuları” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra söz yaradıcı heyətə verilib. Çıxış edənlər filmin ərsəyə gəlməsindən, çəkilişlərin hansı şəraitdə aparıldığından danışıblar. Bildirilib ki, filmdə Müşviq Abbasovun şəhid olması səhnəsi Şəki Dövlət Dram Teatrının aktyorları tərəfindən canlandırılıb.
Tədbirdə Şəkidə şəhid ailələri və qazilərin şəhər rəhbərliyi tərəfindən daim diqqət və qayğıya ilə əhatə olunduğu bildirilib.
Tədbirdə çıxış edən şəhid anaları filmin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür ediblər.
Tədbirin sonunda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən söz açıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən bu cür layihələrin əhəmiyyətindən danışıb, filmin yaradıcı heyətinə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbr, qazilərə şəfa diləyib.
Qeyd edək ki, Müşviq Abbasov I Qarabağ Müharibəsinin iştirakçısı olub.  Vətən Müharibəsinin ilk günündən o, iki oğlu ilə birlikdə könüllü olaraq döyüşlərdə iştirak edib. Müşviq Abbasovun kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşüb, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib. Müşviq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda yaxından iştirak edib. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə  "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər