Belçikanın Brügge şəhərindən yola çıxan velosipedçilər Şəkidə olmuşlar
Belçikanın Brügge şəhərində 74 yaşlı Kristof Hurtekantın rəhbərliyi altında iyulun 1-də start götürən velosipedçilərin Azərbaycan ərazisində Balakən-Şəki-Şamaxı-Bakı marşrutu üzrə yürüşü başlanmışdır.
Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət velosipedçilər qrupu iyulun 29-da Balakən rayonunun “Mazımçay” sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olmuşdur.
Velosipedçilər iyulun 30-da Balakən-Şəki marşrutu üzrə 145 kilometr məsafə qət edərək günorta saatlarında Şəkinin Aşağı Küngüt kəndinə çatmışlar. Marşrut boyu yürüş iştirakçılarını təcili yardım və yol polisinin avtomobilləri müşayiət etmişlər.
Şəki Olimpiya İdman Kompleksinin qarşısında velosipedçiləri şəhər gənclər və idman idarəsinin nümayəndələri qarşılamışlar.
Marşrut boyu yerli sakinlər velosipedçilərə isti münasibət göstərmişlər. Velosipedçilər bəzi yaşayış məntəqələrində qısa müddətə dayanaraq sakinlərlə görüşmüşlər. Yürüş iştirakçıları Azərbaycanın füsunkar təbiətinə valeh olduqlarını söyləmiş, yürüşün təşkilinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirmişlər.
Şəki ilə tanışlıqdan sonra yürüş iştirakçıları Şamaxıya yola düşmuşlər.