İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkidə türk əsgərlərinin abidə kompleksini ziyarət etmişlər
Prezident İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəki şəhərinə gəlmişlər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət etdilər.
Dövlət başçısı və qardaş ölkənin Baş naziri Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxdılar.
Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılmışdır. Abidənin ətrafında geniş abadlıq işləri görülmüş, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılmışdır.
Prezident İlham Əliyev və xanımı, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı abidənin önünə gül dəstələri qoydular.