Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə səhiyyənin maddi-texniki bazası ildən-ilə yaxşılaşdırılır

02 avqust 2013 | 15:00

Şəki Mərkəzi Rayon Xəstəxanasının 100 çarpayılıq cərrahiyyə korpusunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ilə səhiyyə işçilərinin görüşü olmuşdur.
Xəstəxananın geniş konfrans zalında keçirilən tədbiri mərkəzi rayon xəstəxanasının baş həkimi Məcid Əliyev açaraq son illər Şəkidə bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının yenilənməsi və müasirləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş bu şəfa ocağı, şübhəsiz ki, Şəki səhiyyəsinin gələcək inkişafına mühüm təkan verəcəkdir.
Qeyd olunmuşdur ki, səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər cari ildə də ardıcıl davam etdirilərək mərkəzi rayon xəstəxanasının baza binasında, doğum evi kompleksində əsaslı təmir və yenidənqurma işləri aparılmiş, Aşağı Göynük xəstəxanası və Baş Göynük həkim məntəqəsi üçün yeni binalar inşa olunmuşdur.
Tədbirdə xəstəxananın həkimləri çıxış edərək səhiyyə sahəsinin gələcək inkişafına yönələn belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirmiş, arzu və təkliflərini bildirmişlər. Xəstəxanaya gələn yolun təmiri və giriş qapısı mühafizəsinin gücləndirilməsi məsələləri qaldırılmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov son illər paytaxtla yanaşı, regionlarda da yüksək standartlara cavab verən müasir xəstəxanaların, diaqnostika mərkəzlərinin istifadəyə verilməsini ölkə rəhbərliyinin səhiyyə sahəsinə, insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmişdir. O qeyd etmişdir ki, yüksək keyfiyyətli tibbi avadanlıqla təchiz olunmuş bu xəstəxana, şübhəsiz ki, xəstələrin əlavə vaxt sərf edərək Bakı şəhərinə və xarici ölkələrə getmək problemindən azad edir. İndi əsas məqsəd əhaliyə daha keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinə nail olmaq, xəstəliklərin təyin olunması, profilaktikası və müalicəsinin əsaslı şəkildə yaxşılaşmasına zəmin yaratmaqdır.
İcra hakimiyyətinin başçısı kollektivə əhalinin sağlamlığının qorunması işində yeni uğurlar arzulamış, tövsiyələrini bildirmiş, onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmişdir.

Keçidlər