Şəkidə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlanmışdır
Avqustun 5-də Şəkidə fəaliyyət göstərən 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyalarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrasına uyğun olaraq Mərkəzi Seçki Komissiyasın təşkilatçılığı ilə keçirilən bu kurslar üç gün davam edəcəkdir.
Təşkil olunan kurslarda hər üç dairə üzrə, ümumilikdə, 25 nəfər dairə seçki komissiyasının üzvü və 109 nəfər məntəqə seçki komissiyasının sədri iştirak edir.
Təlimlərin ilk günündə “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə orqanlarının rolu”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki siyahıları ilə iş qaydası” mövzularında məruzələr dinlənilmişdir.
Kurslarda Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva, MSK-nın təşkilat şöbəsinin böyük məsləhətçisi Fərid Əbilov, habelə şəhər icra hakimiyyətinin məsul nümayəndələri, şəhər məhkəməsinin sədr və əməkdaşları iştirak etmişlər.
Məruzələrdə cari ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq məsələləri barədə danışılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək məqsədilə respublikanın bütün şəhər və rayonlarında dairə seçki komissiyaları üçün hər cür şəraitə malik olan yeni inzibati binaların tikilib istifadəyə verildiyi, komissiya üzvlərinin işi şəraitinin daha da yaxşılaşdırıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyaları üçün 2013-cü ilin mayında hər cür şəraiti olan yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.
MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.
İxtisaslaşdırılmış kurslar üç gün davam edəcəkdir.