“Şəki Xanlarının evi” ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəkixanovların evi” ilə tanış olmuşdur.
Xatırladaq ki, dövlətimizin başçısı 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən “Şəkixanovların evi”nin əsaslı təmiri ilə bağlı göstəriş vermişdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilmiş və bu məqsədlə vəsait ayrılmışdı.
Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Şəkixanovların evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın inşaası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır.
Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan “Şəkixanovların evi” ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.