Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər

21 avqust 2013 | 15:00

Avqustun 18-də Şəki Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaradılmasının 94-cü ildönümü və gənc əsgərlərin hərbi andiçmə mərasimi münasibətilə təntənəli tədbir keçirilmişdir.
    Şəxsi heyətin, şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının məsul nümayəndələrinin, əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə meydana təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı gətirilmiş, Azərbaycanın dövlət himni oxunmuşdur.
     Mərasimi hərbi hissənin komandiri, polkovnik-leytenant Səmid Cəfərov açaraq Vətənə sədaqət andı içən gənc əsgərlərin bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş vəzifəni – Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsini şərəflə yerinə yetirəcəklərinə, içdikləri hərbi anda həmişə sadiq qalacaqlarına, müstəqil dövlət quruculuğu prosesinə layiqli töhfələrini verəcəklərinə əminliyini bildirmişdir.
Sonra gənc əsgərlər meydanın mərkəzində düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə, xalqımıza sədaqətli olacaqlarına and içmişlər.
Şəxsi heyət üzrə şöbənin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Canbaxış Musayev ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, o cümlədən Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, bu gün Sərhəd Qoşunlarında xidmət edən hər bir zabit, gizir, çavuş və əsgər öz üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək göstərilən etimadı doğrultmaq üçün qüvvə və bacarığını əsirgəmir, daha yüksək nailiyyətlər qazanmaq əzmi ilə xidmət edir.
     Hərbi hissənin çevik hərəkət bölüyünün nümunəvi çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
     Xidmətdə fərqlənən sərhədçilərə mükafatlar təqdim olunmuşdur.
     Mərasim şəxsi heyətin hərbi marşın sədaları altında tribuna önündən təntənəli keçidi ilə başa çatmışdır.
    Rəsmi hissədən sonra şəhər mədəniyyət evinin özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişdir.
    Daha sonra şəxsi heyət üçün bayram süfrəsi təşkil olunmuşdur.

Keçidlər