Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkiyə gələn turistlərin sayı son bir ildə iki dəfədən çox artmışdır

26 avqust 2013 | 15:00

2013-cü ilin yanvar-avqust aylarında Şəkinin “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisini 20 min nəfərdən çox turist ziyarət etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə buraya gələn turistlərin sayı iki dəfədən çox artmışdır.
Şəkiyə turist axınının ilbəil çoxalmasının səbəblərini şəhərin özünəməxsusluğunun qorunub saxlanması, tarix-mədəniyyət abidələrinin bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tələblərə cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə bağlayan “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva müsahibəsində demişdir:
“Azərbaycan Prezidentinin Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlarına uyğun olaraq, şəhərin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Şəhər büsbütün simasını dəyişmiş, müasirləşmiş, gözəlləşmişdir. Eyni zamanda, Şəkinin turizm potensialı genişləndirilmiş, xalq sənəti daha da inkişaf etdirilmiş, itib-batmaqda olan ölkə əhəmiyyətli tarixi abidələr bərpa olunaraq yenidən həyata qaytarılmışdır. Bir müddət əvvəl bərpa olunan XIX əsrə aid tarixi memarlıq abidəsi “Aşağı Karvansara”, Mirzə Fətəli Axundzadənin ev muzeyi, habelə bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “Şəki xanlarının evi” şübhəsiz ki, şəhərə gələn turistlərin böyük marağına səbəb olacaqdır”.
Qoruğun rəhbəri bildirmişdir ki, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır. Şəki həm də muzeylər şəhəridir. Burada 9 muzey fəaliyyət göstərir. Yay mövsümündə bütün muzeylər fasiləsiz iş rejimində işləyir. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları daim turistlərin xidmətindədir. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi də turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər.
“Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun özünəməxsus özəllikləri olduğunu vurğulayan Təranə Abdullayeva demişdir: “Qoruğun ərazisində dövlət qeydiyyatından keçmiş 25 tarixi abidə vardır. Lakin araşdırmalar nəticəsində bu ərazidə 200-dən artıq abidənin, yaşayış mülkləri və kiçik emalatxanaların olduğunu aşkar etmişik. Burada təbiət abidələri ilə insanların yaratdığı abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı suyu”ndan indi də istifadə olunur. Yerli əhali qədim ənənələrə bu gün də sadiq qalır. Qədim məhəllə adları indiyədək qorunub saxlanılmışdır”. T. Abdullayeva bildirmişdir ki, qoruğun bənzərsizliyi, dəyəri həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Hikmət Ziya, Fuad Abdurahmanov, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə yazıçı, şair, incəsənət xadimi məhz bu ərazidə doğulmuş, yaşamış, fəaliyyət göstərmişlər. Bu şəxsiyyətlərin bir çoxunun hazırda qoruq ərazisində ev muzeyləri fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə tarixi keçmişimizi əks etdirən bir çox abidələrin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini söyləyən T. Abdullayeva Mehriban xanımın dəstəyi ilə Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının, həmçinin “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun da bu siyahıya daxil edilməsi üçün lazımi iş aparıldığını diqqətə çatdırmışdır.
Şəkiyə turist axınının ilin sonunadək daha da artacağını bildirən qoruğun rəhbəri turizmin Şəkinin iqtisadi inkişafına, insanların həyat tərzinin yaxşılaşmasına böyük təsir göstərdiyini bildirmişdir. Qeyd etmişdir ki, məhz bunun nəticəsində sənətkarlar istehsal etdikləri məhsulları satmaq imkanı əldə edirlər, mehmanxanalar, istirahət mərkəzləri, iaşə və ticarət obyektləri ilboyu fəaliyyət göstərir. Bu isə öz növbəsində insanların rifahının yaxşılaşmasına təsir edir.
Qoruğun direktoru Şəkinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə şəkililər adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər