Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Cabbarov: Yeni tədris ilində peşə təhsili sahəsində bir sıra yeniliklərin tətbiq olunması nəzərdə tutulmuşdur

28 avqust 2013 | 15:00

Yeni tədris ilinin başlanğıcında Təhsil Nazirliyinin peşə təhsili sahəsinə dair xüsusi açıqlaması olacaqdır. Tədris ilində bu sahədə həm qəbul planı, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də təlimlə bağlı bir sıra yeniliklərin tətbiq olunması nəzərdə tutulmuşdur.
     Bu sözləri təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərindəki 1 nömrəli peşə məktəbinin əsaslı təmirdən sonra açılış mərasimində jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.
     Mikayıl Cabbarov demişdir: “Biz bu məsələdə təbii olaraq regionların tələbatını nəzərə almalıyıq. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramlarında hər bir iqtisadi regionun öz iqtisadiyyatına uyğun ixtisaslaşmasına dair tələblər qarşıya qoyulmuşdur. Biz təhsil infrastrukturunu da, ilk növbədə, peşə təhsili sistemini də elə qurmalıyıq ki, bu proqramlar bir-birini tamamlasın, qarşıya qoyulan məqsədlərə nail olunsun. Yəni, peşə məktəblərində regionun, rayonun ehtiyaclarına uyğun ixtisaslar üzrə mütəxəssislər hazırlanmalıdır. Bu məqsədə çatmaq üçün biz bütün aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyət göstəririk”.
     Peşə təhsili sahəsində aparılan islahatların əsas məqsədinin peşə məktəblərinin fəaliyyətini canlandırmaqdan ibarət olduğunu vurğulayan təhsil naziri, bu sahədə həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində də bir model kimi tətbiq olunacağını bildirmişdir

Keçidlər