Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə peşə təlimi məktəbinin təmiri layihəsi reallaşmışdır

28 avqust 2013 | 15:00

Avqustun 27-də Şəkidə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
   Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, Təhsil Nazirliyinin rəsmiləri, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
     Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində son illər ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkə iqtisadiyyatının sürətli inkişafı ixtisaslı kadrlara tələbatı da artırmışdır. Odur ki, peşə təhsili sahəsində islahatların sistemli şəkildə davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
   Nazir bildirmişdir ki, 1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən peşə məktəbində bu günədək əsaslı təmir işləri aparılmamışdır. Diqqətə çatdırılmışdır ki, müasir avadanlıqla təchiz edilən peşə məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Şəki rayonunun turizm potensialı nəzərə alınaraq bu təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır.
   Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.
    Mərasimdə çıxış edən səfir Şusuke Vatanabe icrası başa çatan bu layihə üzrə Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında 2013-cü il fevralında qrant müqaviləsinin imzalandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, layihənin əsas məqsədi Şəki peşə məktəbində oxuyacaq tələbələrin təhsil şəraitini yaxşılaşdırmaqdır. Məktəbdə Şəkidən və qonşu rayonlardan olan tələbələr təhsil alacaqlar. Layihənin ümumi dəyəri 122 min 513 ABŞ dolları təşkil edir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığın uzun illərdir uğurla davam etdiyini diqqətə çatdırmışdır. Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində hazırkı layihə də daxil olmaqla indiyədək Şəkidə müxtəlif sahələri əhatə edən 13 layihə üzrə qrant müqaviləsinin imzalandığını bildirilmiş, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu vurğulamışdır.
Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə tanış olmuşlar.

Keçidlər