Şriftin ölçüsü :

Saytın rəngi :

Zunud kəndində səyyar qəbul

30 avqust 2013 | 15:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 29-da Zunud kəndinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında kənd sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri  iştirak etmişlər.
    Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur.
    Kənd icra nümayəndəsi Vahid Əhmədov, Zunud bələdiyyəsinin sədri Nərgiz Səfərəliyeva,  kənd sakinləri Almaz Kərimova, Malik Səfərəliyev, Sabir Gümşüdov, Ramiz Qocayev və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, məktəbin köhnə korpusunun əsaslı təmir olunması, məktəbdə mərkəzləşdirilmiş istilik sisteminin quraşdırılması, tibb məntəqəsi üçün yeni binanın inşa olunması, Aşağı Şabalıq yolunda cari  təmir işlərinin aparılması üçün texnika verilməsi, kənd təsərrüfatı məhsullarının daşınması üçün Şəki-Qax avtomobil yoluna birləşən yolların düzəldilməsi, istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, kəndin mərkəzi yolunun asfaltlaşdırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan məsələlərin aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər