Milli Qeyri-Hökumət Təşkilatları Forumu seçki koalisiyası Şəkidə seçki maarifçiliyi ilə bağlı tədbir keçirmişdir
Sentyabrın 3-də Şəki şəhərində Milli Qeyri-Hökumət Təşkilatları Forumu seçki koalisiyasının təşkilatçılığı ilə əhalinin seçki fəallığının artırılması, seçki hüququ və seçki qanunvericiliyi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilmişdir.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilən tədbirdə siyasi partiyaların, bələdiyyələrin, qeyri-hökumət təşkilatları nümayəndələri iştirak etmişlər. Qeyd olunmuşdur ki, layihənin məqsədi normal seçki mühitinin yaradılması, seçkilərin azad, ədalətli və obyektiv keçirilməsi, seçki və seçici hüququ ilə əlaqədar əhalinin geniş təbəqələrinin maarifləndirilməsidir. Layihə çərçivəsində artıq 7 rayonda maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirdə seçki münasibətləri, seçki hüququ, seçki qanunvericiliyi, əhalinin seçkilərdə fəal iştirakında vətəndaş cəmiyyətinin rolu və digər məsələlərdən söhbət açılmışdır. MQF-nin prezidenti Rauf Zeyninin, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimovun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin qeyd olunan məsələlərlə bağlı məruzələri dinlənilmişdir.
Məruzə və çıxışlarda demokratik inkişaf yolu seçmiş Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artdığı vurğulanmış, vətəndaş cəmiyyətinin inkişafında mühüm nailiyyətlərin əldə olunduğu, bu məqsədlə QHT-lərə dövlət dəstəyinin gücləndirildiyi qeyd edilmişdir.