Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

07 sentyabr 2013 | 15:00

Sentyabrın 5-də Şəkidə rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Şəhər rəhbərliyinin, AR Təhsil Nazirliyinin məsul nümayəndəsinin, qabaqcıl təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransda şəhər təhsil şöbəsinin 2012-2013-cü tədris ili ərzindəki fəaliyyəti ətraflı təhlil olunmuş, qazanılmış uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Tədbiri Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov açmışdır. Sonra Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılovanın geniş hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Diqqətə çatdırılmışdır ki, ötən tədris ilində Şəkinin 98 ümumtəhsil məktəbində 23 min 257 nəfər şagird təhsilə cəlb edilmişdir. Tədris ili rayonun təhsil işçiləri üçün çox uğurlu olmuşdur. Rayonun ümumtəhsil məktəblərinin 52 nəfər şagirdi respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak etmiş, onlardan 33 nəfəri qalib adını qazanmışlar. Dünyanın 45 ölkəsindən məktəblilərin qatıldıqları “İNEPO-Avrasiya” ətraf mühitin mühafizəsi VII Beynəlxalq layihə olimpiadasında 4 layihə ilə iştirak edən Şəki məktəbliləri bir gümüş medala və 3 sertifikata layiq görülmüşlər.
TQDK tərəfindən aparılan buraxılış imtahanlarının nəticələrinə görə, tam orta məktəbi bitirmiş 133 nəfər şagirdin attestat qiymətlərinin hamısı “əla” olmuşdur. Məzunlardan 11 nəfər məktəbi qızıl medalla bitirmişdir. Ötən il isə qızıl medala layiq görülən şagirdlərin sayı iki nəfər olmuşdur.
Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1166-sı ali məktəblərə daxil olmaq üçün sənəd vermiş, onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan 145 nəfəri 500-dən, 55 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir. Bu, rayonun təhsil tarixində ən yüksək göstərici hesab olunur.
Qeyd olunmuşdur ki, tədris ili ərzində gənc müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, yeni tədris ili ərəfəsində VI sinifdə dərs deyəcək 798 nəfər müəllim kurikulum üzrə təlim kurslarında iştirak edərək müvafiq sertifikatlar almışdır. İki nəfər müəllim “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi adını qazanmışdır.
Konfransda, həmçinin təhsil müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılması sahəsində görülən işlərə toxunulmuş, tədris ili ərzində dövlət vəsaiti hesabına Şorsu, Aşağı Layısqı və Əlyar kəndlərində, Çələbixan qəsəbəsində tam və ümumi orta məktəblər üçün, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən Şəkidəki 12 və 14 nömrəli tam orta məktəblər üçün yeni binaların tikilib istifadəyə verildiyi, 8 nömrəli məktəbin əsaslı təmir olunduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, hazırda 17 nömrəli tam orta məktəb üçün yeni binanın, təhsil şöbəsinin inzibati binasının tikintisi, Baş Küngüt kənd tam orta məktəbinin əsaslı təmiri işləri başa çatmaq üzrədir.
Çıxış edənlər rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulamışlar.
Şəkinin təhsil işçiləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər