“Bilik Günü”ndə Şəkidə iki yeni məktəb binası istifadəyə verilmişdir
Sentyabrın 16-da Şəki şəhərində ötən ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 17 nömrəli şəhər tam orta məktəb üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən 500 yerlik yeni məktəb binası şagirdlərin istifadəsinə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimi şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova açaraq son illər rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, Şəki məzunlarının ali məktəblərə builki qəbul imtahanlarında qazandıqları yüksək uğurlar barədə danışmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və FHN-nin məsul nümayəndəsi Elxan Əsədov ötən ilin mayında bölgədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, dağıdıcı zəlzələ zamanı bölgə rayonları ilə yanaşı, Şəkidə də fərdi evlərə, sosial təyinatlı obyektlərə müəyyən dərəcədə ziyan dəymiş, şəhərdəki 3 məktəb binası tam qəzalı vəziyyətə düşmüşdü. FHN-nin müvafiq komissiyalarının rəyinə əsasən hər 3 məktəb binası qısa vaxt ərzində tam sökülmüş, yerində müasir tələblərə cavab verən yeni binalar tikilmişdir. Diqqətə çatdırılmışdır ki, şəhərdəki 12 və 14 nömrəli tam orta məktəblərin 500 və 360 yerlik yeni binaları cari ilin əvvəllərində artıq şagirdlərin istifadəsinə verilmişdir. Bu gün isə daha bir məktəb binası qapılarını şagirdlərin üzünə açır.
Mərasimdə çıxış edənlər təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirləri yüksək qiymətləndirmiş, təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə müəllimlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra mərasim iştirakçıları məktəb binasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Bildirilmişdir ki, hazırda məktəbdə 300 nəfərdən artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 85 müəllim məşğul olur.
Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri həmin gün Baş Küngüt kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimində də iştirak etmişlər.
Sentyabrın 16-da Şəkinin 98 ümumtəhsil məktəbində yeni dərs ilinin başlanması münasibətilə ilk zəng mərasimləri keçirilmişdir. Bu məktəblərdə təhsil alacaq 23 min 500 nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 4.200 müəllim məşğul olacaqdır. Yeni dərs ilinin ilk günündə 2.300 nəfərə yaxın uşaq ilk dəfə məktəb partası arxasında əyləşmişdir.